Azərbaycan: ayrı-seçkilik xarakteri daşıyan hicab məhdudiyyətləri ilə təhsilə çıxışın qarşısını almağa son qoyun və dinc etirazçıları azad edin

Məktəblərdə hicab qadağasına etiraz edən dinc fəalların saxlanılması və məktəbli forması qaydalarından təsirlənən qızlar üçün pulsuz onlayn dərslər təşkil etməyə çalışan bir fəalın itkin düşməsi barədə məlumatların sayının artmasına münasibət bildirən “Amnesty International” təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazers deyib:

“Dinc etirazçıların zorakı iğtişaşlarda iştirak edən şəxslərlə birlikdə kütləvi şəkildə həbs edilməsi, o cümlədən qızının məktəbə buraxılmamasına etiraz edən bir ananın saxlanılması barədə məlumatlar və bu məhdudiyyətlərdən təsirlənən qızlara kömək etməyə çalışan bir fəalın itkin düşməsi Azərbaycanda dinc etiraz hüququnun qanuni şəkildə həyata keçirilməsinin dövlət tərəfindən zorakı şəkildə boğulması, eləcə də ifadə azadlığına və bütün tənqidi səslərə qarşı təzyiqlər üçün səciyyəvi hallardır.

Qızların hicab taxdıqlarına görə dərslərə buraxılmaması ayrı-seçkilikdir və onların təhsil hüququnu, eləcə də etiqad və ifadə azadlıqlarını pozur. Dövlət təhsilinin dünyəvi xarakter daşıması dini geyimə ümumi və istisnasız məhdudiyyət qoyulmasına haqq qazandırmır.

Qızların hicab taxdıqlarına görə dərslərə buraxılmaması ayrı-seçkilikdir və onların təhsil hüququnu, eləcə də etiqad və ifadə azadlıqlarını pozur

Mari Strazers, “Amnesty International” təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru

Azərbaycan hakimiyyəti bu ayrı-seçkilik xarakteri daşıyan məhdudiyyətləri aradan qaldırmalı və onlardan təsirlənən şagird və müəllimlərin məktəbə qayıtmasını təmin etməlidir. Öz hüquqlarından dinc şəkildə istifadə etdiklərinə görə saxlanılan bütün şəxslər dərhal və qeyd-şərtsiz azad edilməlidir. Hakimiyyət dinc etiraz hüququna və bütün insan hüquqlarına hörmət etməlidir.”

Ümumi məlumat

Yeni məktəbli forması qaydalarına əsasən, 12 oktyabrdan etibarən Azərbaycanda hicab taxan şagird və müəllimlər məktəblərə buraxılmayıb. Bu qərar kütləvi etirazlara və ictimai itaətsizlik aksiyalarına səbəb olub, onların bəziləri zorakılıqla nəticələnib. Həmin gün Daxili İşlər Nazirliyinin məlumatına görə, təkcə Bakıda 37 nəfər saxlanılıb, fəallar isə saxlanılanların sayının 200-dən çox olduğunu bildiriblər. Eyni vaxtda, istifadəçilər “TikTok” və “Instagram” platformalarına Azərbaycandan girişin mümkün olmadığını bildiriblər.

Saxlanılanların əksəriyyəti qısa müddət sonra sərbəst buraxılsa da, hazırda həbsdə saxlanılan şəxslərin ümumi sayı məlum deyil. Məlum hallardan biri “TikTok”-da etdiyi paylaşıma görə 25 sutka inzibati həbs cəzası verilən Qüdrət Abdullayev, digəri isə məktəb binasının üzərinə “Hicaba azadlıq!” yazdığına görə 30 sutka inzibati həbs edilən Rafael Hüseynzadədir. 13 oktyabrda isə altı yetkinlik yaşına çatmayan şəxs məktəbi yandırmağa cəhd göstərməkdə şübhəli bilinərək saxlanılıb.

İctimai qaydanı pozulmasına səbəb olan hərəkətlərin təşkil edilməsi və ya belə hərəkətlərdə fəal iştirakla bağlı Cinayət Məcəlləsinin 233-cü maddəsi üzrə cinayət işi başlanıb. Rəsmi məlumatlara görə, indiyədək bu iş çərçivəsində heç kim həbs edilməyib.

14 oktyabrda müsəlman fəal Ağa Hüseynov bildirib ki, həyat yoldaşı Şahizyar Hüseynova bir gün əvvəl, qızlarının məktəbə buraxılmamasına etiraz olaraq Bakıda məktəblərdən birinin qarşısında aksiya keçirdikdən sonra saxlanılıb. Onun sözlərinə görə, Şahizyar Hüseynova barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib, lakin ona qarşı irəli sürülən ittihamlar barədə məlumat verilməyib.

Hicab taxdıqlarına görə məktəbə buraxılmayanlar da daxil olmaqla, təhsildən kənarda qalan uşaqları könüllü müəllimlərlə əlaqələndirən pulsuz onlayn platforma yaratmış fəal İlkin Hüseynov 14 oktyabrda naməlum şəxslərin müşayiəti ilə Bakıdakı evindən çıxdıqdan sonra itkin düşüb.