Azərbaycanda həbsdə saxlanılan müxalifət lideri Əli Kərimlinin və media eksperti Ələsgər Məmmədlinin səhhətinin pisləşməsi barədə məlumatlara, eləcə də siyasi fəal Bəhruz Həsənlinin Ukraynadan Azərbaycana ekstradisiya olunması təhlükəsinə münasibət bildirən Amnesty International-ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazers deyib:
“Yaxınlarının və vəkillərinin bildirdiyinə görə, Əli Kərimli və Ələsgər Məmmədlinin səhhəti qeyri-adekvat həbs şəraiti və zəruri tibbi yardımın göstərilməməsi səbəbindən ciddi şəkildə pisləşib. Əli Kərimli təmiz içməli su və ventilyasiya imkanından məhrum edilib. Bu da işgəncə və ya digər pis rəftar kimi qiymətləndirilə bilər. Ələsgər Məmmədlinin həbsdə olarkən ciddi şəkildə ağırlaşmış səhhət problemlərini nəzərə alaraq, vəkilləri onun ev dustaqlığına buraxılması barədə dəfələrlə vəsatət veriblər.
Əli Kərimli və Ələsgər Məmmədli Azərbaycanda jurnalistləri, fəalları, hakimiyyəti açıq şəkildə tənqid edən şəxsləri və müxalif siyasətçiləri hədəfə alan, getdikcə güclənən siyasi repressiya kampaniyasının qurbanı olmuş yüzlərlə insan arasındadır. Bu repressiyaların digər bir qurbanı isə əvvəllər Əli Kərimlinin mühafizəçisi olmuş siyasi fəal Bəhruz Həsənlidir. Hazırda o, Ukraynadan Azərbaycana ekstradisiya olunma təhlükəsi ilə üz-üzədir və Azərbaycanda işgəncə və digər pis rəftara məruz qalabilər.
Azərbaycan hakimiyyəti Əli Kərimlinin, Ələsgər Məmmədlinin və bütün digər məhbusların dərhal kifayət qədər içməli suya, ventilyasiya və zəruri tibbi yardıma çıxışını təmin etməlidir. Ukrayna insan hüquqları sahəsindəki öhdəliklərini yerinə yetirməli və Bəhruz Həsənlini Azərbaycana ekstradisiya etməməlidir.”
Kontekst
Əli Kərimlinin ailəsinin bildirdiyinə görə, o, 6 avqust 2026-cı ildə ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılan məhkəmə iclası zamanı ağır susuzlaşma nəticəsində huşunu itirib. Avqustun 5-dən etibarən onun kamerasına içməli suyun verilməsi dayandırılıb, həmçinin elektrik enerjisi kəsilib və nəticədə, ventilyatorlar işləməyib. Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli 2025-ci il noyabrın 29-da “hakimiyyəti zorla ələ keçirmə” və “dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə” ittihamları ilə saxlanılıb.
Media hüququ üzrə ekspert və Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli iyulun 27-də saxta ittihamlar əsasında 14 il müddətinə azadlıqdan məhrum edilib. Onunla birlikdə Toplum TV ilə əlaqəli digər media əməkdaşları və vətəndaş cəmiyyəti fəalları da məhkum olunublar. Onlardan bəzilərinə 15 ilədək həbs cəzası verilib.
Beş ildir ailəsi ilə birlikdə Ukraynada yaşayan Bəhruz Həsənli iyulun 27-də Azərbaycan Respublikasının Baş Prokurorluğunun sorğusu əsasında Xarkivdə iş yerində saxlanılıb. Sorğu Əli Kərimlinin işi çərçivəsində verilib və Bəhruz Həsənliyə qarşı Cinayət Məcəlləsinin dələduzluqla bağlı maddələri üzrə ittihamlar irəli sürülüb. Bəhruz Həsənli bu ittihamları rədd edir və onların əsassız, uyudrma və yalnız onun siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirir. Xarkivin Şevçenkivski Rayon Məhkəməsi iyulun 30-da onu azad edib, lakin apellyasiya şikayətindən sonra avqustun 6-da ekstradisiya məsələsinə baxıldığı müddətdə yenidən həbsə alınıb.


