- Çoxtərəfliliyə, beynəlxalq hüquqa və vətəndaş cəmiyyətinə qarşı təcavüzkar hücumlar 2025-ci ilə damğa vurub.
- Təklif olunan alternativ, irqçi, patriarxal, qeyri-bərabər və anti-hüquq bir dünya nizamıdır.
- Etirazçılar, fəallar və qlobal qurumlar müqavimət göstərmək, mane olmaq və dəyişiklik yaratmaq üçün çalışırlar.
Dünya təhlükəli yeni bir dövrün astanasındadır. Amnesty International bu gün illik hesabatı,Dünyada İnsan Hüquqlarının Vəziyyəti hesabatını dərc edərkən xəbərdarlıq edib ki, güclü dövlətlər, korporasiyalar və anti-hüquq hərəkatları çoxtərəfliliyə, beynəlxalq hüquqa və insan hüquqlarına hücum edir və dünyanı təhlükəli yeni bir dövrün astanasına gətirib. Təşkilat 144 ölkədəki insan hüquqları vəziyyətini qiymətləndirərək bildirib ki, dövlətlər, beynəlxalq qurumlar və vətəndaş cəmiyyəti təcavüzkarı sakitləşdirmə siyasətindən imtina etməli və bu yeni nizamın qarşısını almaq üçün kollektiv şəkildə müqavimət göstərməlidirlər.
“Biz dövrümüzün ən çətin anı ilə üz-üzəyik. Bəşəriyyət, qanunsuz müharibələr və həyasız iqtisadi şantaj yolu ilə öz hegemonluğunu bərqərar etməyə çalışan transmilli anti-hüquq hərəkatları və təcavüzkar hökumətlərin hücumu altındadır,” Amnesty International-ın Baş Katibi Agnès Callamard bildirib.
“İllərdir ki, Amnesty International dünyanın hər bir yerində insan hüquqlarının tədricən parçalanmasını pisləyir, hökumətlər və korporativ subyektlər tərəfindən qaydaların kobud şəkildə pozulmasının fəsadları barədə xəbərdarlıq edir. Biz həmçinin dəfələrlə nümayiş etdirmişik ki, ikili standartlar və beynəlxalq hüquqa qismən riayət çoxtərəfli sistemi və hesabatlılığı necə zəiflədib.
Bu, ən güclü aktorlar tərəfindən nüfuz, cəzasızlıq və mənfəət naminə insan hüquqlarının əsaslarına və beynəlxalq qaydalara əsaslanan nizama birbaşa hücumdur
Amnesty International-ın Baş Katibi Agnès Callamard
“Bu məqamı fundamental şəkildə fərqləndirən odur ki, biz artıq yalnız sistemin kənarlarındakı aşınma barədə yazmırıq. Bu, ən güclü aktorlar tərəfindən nüfuz, cəzasızlıq və mənfəət naminə insan hüquqlarının əsaslarına və beynəlxalq qaydalara əsaslanan nizama birbaşa hücumdur.
“Yaxın Şərqdə getdikcə şiddətlənən münaqişə bu hüquqsuzluğa doğru enimin nəticəsidir. BMT Nizamnaməsini pozan və İranın qeyri-mütənasib qarşılıqlı hücumuna səbəb olan qanunsuz ABŞ-İsrail hücumlarından sonra münaqişə sürətlə mülki şəxslərə və mülki infrastruktura qarşı açıq müharibəyə çevrilib və bütün regionda insanların onsuz da fəlakətli olan əzablarını daha da artırır. İndi bu münaqişə dünyadaki bütün ölkələrə yayılıb, hər yerdə əhaliyə təsir edir və milyonlarla insanın dolanışığına təhlükə yaradır. Bəşəriyyəti qorumaq üçün böyük zəhmətlə qurulmuş normalar, qurumlar və hüquqi çərçivələr hökmranlıq naminə daxildən boşaldıldıqda baş verənlər məhz budur.”
“Amnesty-nin 2025-ci il üzrə illik hesabatı qaçılmaz süqut barədə xəbərdarlıq etməkdən kənara çıxaraq, artıq baş verməkdə olan çöküşü sənədləşdirir və bunun 2026-cı il və ondan sonrakı dövrlərdə insan hüquqları, qlobal sabitlik və milyonlarla insanın həyatı üçün dağıdıcı nəticələrini üzə çıxarır. Hesabat dünya dövlətlərini 2025-ci ildə mənimsənilmiş təcavüzkarı sakitləşdirmə siyasətini təcili olaraq rədd etməyə, qorxmamağa, sözdə və əməldə təcavüzkar dünya nizamının qurulmasına müqavimət göstərməyə çağırır.”
Təcavüzkar hücumlar beynəlxalq hüququn məhvini sürətləndirir
Dünyada İnsan Hüquqlarının Vəziyyəti hesabatı və Amnesty Internationalın bu il, indiyədək dərc edilən sənədləri qlobal miqyasda insan hüquqlarının təməlini təşkil edən bünövrələrə ağır zərbə vuran və beynəlxalq hüquq çərçivəsində törədilən genişmiqyaslı cinayətləri və beynəlxalq ədalət sisteminə qarşı artan hücumları təfərrüatı ilə əks etdirir.
İsrail, 2025-ci ilin oktyabrındakı atəşkəs razılaşmasına baxmayaraq, Qəzzada fələstinlilərə qarşı soyqırımını və fələstinlilər üzərindəki aparteid sistemini davam etdirib, eyni zamanda Şərqi Qüds daxil olmaqla, Qərb Sahilində qeyri-qanuni məskunlaşmaların genişləndirilməsini sürətləndirib və anneksiya istiqamətində addımlar atıb. İsrail hakimiyyəti məskunlaşanların fələstinlilərə qarşı cəzasıqlıqla hücum və terrorçuluq etməsinə getdikcə daha müsbət şərait yaradıb və ya onları buna sövq edib. Nüfuzlu rəsmilər isə, özbaşına həbslər və saxlanılanların işgəncəsi daxil olmaqla, fələstinlilərə qarşı zorakılığı tərifləyib və mədh ediblər.
Amerika Birləşmiş Ştatları Karib dənizi və Sakit okeanda qayıqları bombalamaqla 150-dən çox məhkəmədənkənar edam həyata keçirib və 2026-cı ilin yanvarında Venesuelaya qarşı hücum edib. Rusiya Ukraynanın mühüm mülki infrastrukturuna hava hücumlarını intensivləşdirib, Myanma hərbçiləri isə keçən il kəndlərə partlayıcı sursat atmaq üçün motorlu paraşütlərdən istifadə edərək, aralarında uşaqlar da olmaqla onlarla mülki şəxsi qətlə yetirib.
Birləşmiş Ərəb Əmirlikləri, keçən ilin oktyabrında, 18 aylıq mühasirədən sonra Əl-Faşir şəhərini ələ keçirən, mülki əhalini kütləvi qətlə yetirən və onlara qarşı cinsi zorakılıq törədən Çevik Dəstək Qüvvələrinə (RSF) yüksək səviyyəli Çin silahları tədarük etməklə Sudandakı münaqişəni alovlandırıb. Konqo Demokratik Respublikasında (KDR) M23 silahlı qruplaşması, Ruandanın fəal dəstəyi ilə Qoma və Bukavu şəhərlərini ələ keçirib, mülki şəxsləri qanunsuz olaraq öldürüb və saxlanılanlara qarşı işgəncə törədib.
2026-cı ilin əvvəlində ABŞ və İsrailin BMT Nizamnaməsini pozaraq İrana qarşı qanunsuz hücum etməsi, İranın İsrailə və Körfəz Əməkdaşlıq Şurası ölkələrinə cavab zərbələrinə səbəb olub, İsrail isə Livana hücumlarını artırıb. ABŞ-ın İrandakı bir məktəbə qanunsuz zərbəsi nəticəsində 100-dən çox uşağın öldürülməsindən tutmuş, bütün tərəflərin enerji infrastrukturuna dağıdıcı hücumlarına qədər, bu münaqişə milyonlarla mülki şəxsin həyatını və sağlamlığını təhlükəyə atıb. Bu münaqişə həmçinin onsuz da təlatümlü olan regionda və onun hüdudlarından kənarda enerjiyə, səhiyyəyə, qida və su ilə təminatına təsir edərək geniş, gözlənilən və uzunmüddətli mülki və ekoloji zərər təhlükəsini daşıyır.
Əfqanıstanda Taliban qadın əhalisinə qarşı təcavüzkar siyasətini gücləndirərək, onların təhsil almasını, işləməsini və hərəkət azadlığını qadağan edən növbəti qanunları tətbiq edib. İranda isə hakimiyyət orqanları 2026-cı ilin yanvarında, çox güman ki, son onilliklərin ən ölümcül repressiyasını həyata keçirərək etirazçıları qətlə yetirib.
Keçən il ABŞ, İsrail və Rusiya beynəlxalq hesabatlılıq mexanizmlərini və xüsusilə Beynəlxalq Cinayət Məhkəməsini (BCM) daha da zəiflədiblər. Trump administrasiyası BCM işçilərinə, onlarla əməkdaşlıq edənlərə və BMT-nin İşğal Olunmuş Fələstin Əraziləri üzrə xüsusi məruzəçisinə qarşı sanksiyalar tətbiq edib, Rusiya məhkəmələri isə BCM rəsmiləri haqqında həbs qətimkan tədbiri çıxarıb. Bir neçə digər dövlət isə Roma Statutundan, kasetli sursatları və piyada əleyhinə minaları qadağan edən müqavilələrdən çıxdığını və ya çıxmaq niyyətində olduğunu bəyan edib.
Təcavüzkarları sakitləşdirməyə çalışmaq, hamımızı yandıracaq və gələcək nəsillərin gələcəyini külə döndərəcək bir yanğına yanacaq tökmək deməkdir
Amnesty International-ın Baş Katibi Agnès Callamard
Dövlətlərin əksəriyyəti ABŞ, Rusiya, İsrail və ya Çinin təcavüzkar hərəkətlərini ardıcıl şəkildə pisləməkdə və ya diplomatik həll yolları tapmaqda istəksiz və ya aciz olublar. Avropa İttifaqı və əksər Avropa dövlətləri ABŞ-ın beynəlxalq hüquqa və çoxtərəfli mexanizmlərə hücumlarına qarşı sakitləşdirmə siyasəti yürüdüblər. Onlar İsrailin soyqırımını dayandırmaq və ya bütün dünyada beynəlxalq hüquq çərçivəsində cinayətləri alovlandıran məsuliyyətsiz silah və texnologiya transferinə son qoymaq üçün əhəmiyyətli tədbirlər görməyiblər. Onlar həmçinin BCM hakimləri və prokurorları da daxil olmaqla, ABŞ sanksiyalarının hədəflərini qorumaq üçün bloklayıcı qanunlar qəbul etmək istəməyiblər. İtaliya və Macarıstan öz ərazilərində BCM-nin əmri əsasında axtarışda olan şəxsləri həbs etməkdən imtina edib, Fransa, Almaniya və Polşa isə eyni addımı atacaqlarına işarə ediblər.
“Dünya liderləri beynəlxalq hüquqa və çoxtərəfli sistemə qarşı hücumlar qarşısında hədsiz dərəcədə itaətkar olublar. Onların susqunluğu və fəaliyyətsizliyi bağışlanmazdır. Bu, mənəvi iflasdır və geri çəkilməkdən, məğlubiyyətdən və onilliklər boyu böyük mübarizələrlə əldə edilmiş insan hüquqları nailiyyətlərinin silinməsindən başqa bir şey gətirməyəcək. Təcavüzkarları sakitləşdirməyə çalışmaq, hamımızı yandıracaq və gələcək nəsillərin gələcəyini külə döndərəcək bir yanğına yanacaq tökmək deməkdir,” Agnès Callamard bildirib.
“Bəziləri son 80 ildə qurulmuş sistemin sadəcə bir illüziya olduğunu düşünməyə meylli ola bilərlər. Lakin bu, ümumbəşəri hüquqların tanınması, insanları irqi ayrı-seçkilik və qadınlara qarşı zorakılıqdan qoruyan çoxsaylı beynəlxalq konvensiyaların və milli qanunların qəbulu, işçilərin və həmkarlar ittifaqlarının hüquqlarının təmin edilməsi və yerli xalqların hüquqlarının tanınması istiqamətində çətinliklə əldə edilmiş nailiyyətlərə məhəl qoymamaq deməkdir. Bu, dövlətlərin BMT Nizamnaməsinə və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə sadiq qalmağı seçdiyi zaman aradan qaldırılan yoxsulluğu, gücləndirilən reproduktiv hüquqları və təmin edilən ədaləti unutmaqdır.
“Siyasi və iqtisadi təcavüzlarlar və onlara imkan verənlər çoxtərəfli sistemin səmərəsiz olduğuna görə yox, onların hegemonluğuna və nəzarətinə xidmət etmədiyi üçün öldüyünü elan edirlər. Cavab isə onun illüziya və ya düzəldilməsi qeyri-mümkün olduğunu elan etmək deyil, onun uğursuzluqları ilə üzləşmək, seçmə qaydada tətbiqinə son qoymaq və onu bütün insanları eyni qətiyyətlə müdafiə edə biləcək səviyyəyə çatana qədər yetişdirməyə davam etməkdir.”


Vətəndaş cəmiyyətinə qarşı şiddətlənən hücumlar bütün dünyaya yayılır
Vətəndaş cəmiyyətinə və ictimai hərəkatlara qarşı hücumların artması 2025-ci ildə daha da dərinləşib. İnsan hüquqları müdafiəçilərini, təşkilatlarını və müxalifləri susdurmaq və səlahiyyətsizləşdirmək üçün davamlı səylər dünyanın demək olar ki, hər tərəfinə yayılıb.
Nepal və Tanzaniya hakimiyyətləri xüsusi vicdansızlıqla siyasi və sosial-iqtisadi narazılıqlarını ifadə edən etirazları yatırmaq üçün qanunsuz ölümcül güc tətbiq ediblər. Əfqanıstan, Çin, Misir, Hindistan, Keniya, ABŞ və Venesuela hökumətləri də digərləri ilə yanaşı, etirazları zorakılıqla yatırıb, terrorla mübarizə və təhlükəsizlik qanunları vasitəsilə müxalif fikirli şəxsləri kriminallaşdırıb və ya sui-istifadəçi polis taktikalarından, məcburi itkin düşmələrdən və ya məhkəməsiz edamlardan istifadə ediblər.
Böyük Britaniyada hakimiyyət orqanları əsasən İsrail silah istehsalçılarını və onların törəmə şirkətlərini hədəfə alan “Palestine Action” fəal etiraz şəbəkəsini həddindən daha geniş terrorla mübarizə qanunları çərçivəsində qadağan edib və qadağaya dinc şəkildə qarşı çıxan 2,700-dən çox insanı həbs edib. Böyük Britaniya Yüksək Ədalət Məhkəməsi 2026-cı ilin fevralında bu qərarı qanunsuz hesab edib. Hökumət bu qərardan apellyasiya şikayəti verməkdədir.
Türkiyə hakimiyyəti, qondarma korrupsiya ittihamları ilə siyasi motivli təqiblərlə üzləşən 400-dən çox şəxsdən biri olan İstanbul meri və prezidentliyə namizəd Ekrem İmamoğlunun həbsindən sonra yüzlərlə dinc etirazçını saxlayıb.
ABŞ hakimiyyəti miqrantlara, qaçqınlara və sığınacaq axtaranlara qarşı irqi profilləmə, özbaşına saxlama, lazımsız və həddindən artıq güc tətbiqi və hətta işgəncə və məcburi itkin düşmə həddinə çatan aktları törədərək qanunsuz təzyiqlərə başlayıb. Latın Amerikasında Ekvador, El Salvador, Nikaraqua, Paraqvay, Peru və Venesuela kimi dövlətlər vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətinə, resurslarla təminatına, icmaları dəstəkləmək və insan hüquqlarını müdafiə etmək qabiliyyətinə birbaşa təsir göstərən qeyri-mütənasib nəzarəti nəzərdə tutan hüquqi çərçivələr qəbul edib və ya bu istiqamətdə islahatlar aparıblar.
Bir çox hökumətlər, korporativ subyektlərin köməyi ilə, ifadə azadlığını və məlumat almaq hüququnu məhdudlaşdırmaq üçün casus proqramlarından və rəqəmsal senzuradan istifadə ediblər. ABŞ hakimiyyəti süni intellektlə işləyən müşahidə alətlərindən istifadə edərək fələstinlilərlə həmrəylik ifadə edən xarici tələbələri həbs və deportasiya ilə hədəfə alıb. Serbiya hökuməti tələbə etirazçılarına, vətəndaş cəmiyyətinə və jurnalistlərə qarşı casus proqramları və rəqəmsal kriminalistika alətlərindən istifadə edib. Keniya hakimiyyəti gənclərin rəhbərlik etdiyi etirazları yatırmaq üçün hədə-qorxu, nifrətə çağırış və qanunsuz müşahidə daxil olmaqla, texnologiya vasitəsilə həyata keçirilən repressiya taktikalarından sistemli şəkildə istifadə edib.
Digər ölkələrlə yanaşı, ABŞ, Kanada, Fransa, Almaniya və Böyük Britaniya çox güman ki, milyonlarla qarşısı alına bilən ölümlə nəticələnəcəyini bildikləri halda, beynəlxalq yardım büdcələrində kəskin ixtisarlar elan və ya tətbiq ediblər. Bir çox halda, eyni zamanda bu ölkələrin bəziləri bu ixtisarlarla paralel hərbi xərclərini kütləvi şəkildə artırıblar. Bu, QHT-lərin mətbuat azadlığını, iqlimə davamlılığı və gender ədalətini inkişaf etdirmək, qaçqınları, miqrantları və sığınacaq axtaranları qorumaq, habelə səhiyyə və cinsi-reproduktiv hüquqları təmin etmək səylərinə fəlakətli təsir göstərib.
Bir çox dövlətlər milyarderlərin və korporativ nəhənglərin aqressiv şəkildə vergidən yayınmasının qarşısını almağa müqavimət göstərməyə davam edib və eyni zamanda korporativ güc üzərindəki məhdudiyyətləri daha da zəiflədiblər. ABŞ-da ictimai iştirakçılığa qarşı strateji məhkəmə prosesləri vətəndaş cəmiyyətinə dondurucu təsir göstərib. Belə iddiaların biri nəticəsində bir məhkəmə Greenpeace-in qalıq yanacaq şirkətinə 345 milyon dollar (ilkin 660 milyon dollardan azaldılıb) ödəməsi barədə qərar verib.
ABŞ prezidentinin iqlim dəyişikliyini “fırıldaq” kimi təsvir etdiyi bir şəraitdə, hökumətlər iqlim nəticəsində miqrasiyası ilə məşğul olmaq, qalıq yanacaqlardan ədalətli keçid və ya iqlim fəaliyyəti üçün maliyyəni adekvat şəkildə artırmaq üçün kifayət qədər iş görməyiblər. Eyni zamanda BMT-nin Ətraf Mühit Proqramı dünyanın 2100-cü ilə qədər sənayeləşmədən əvvəlki səviyyədən 3°C yüksəkliyə çatmaq yolunda olduğu barədə xəbərdarlıq edib.
“Davakarlar və təcavüzkarlar məhv etməyə can atdıqları qeyri-kamil qlobal təcrübəyə hansı alternativi təklif edirlər? Onların təklif etdikləri dünya nizamı irqi, gender və iqlim ədalətini ələ salan və kənara atan, vətəndaş cəmiyyətinə düşmən kimi baxan və beynəlxalq həmrəyliyi rədd edən bir nizamdır. Bu nizam müxalif fikirli şəxsləri susdurmaq, qanunu silaha çevirmək və “başqaları” hesab edilənləri insanlıqdan çıxarmaq üzərində qurulub. Onların dünya baxışı ortaq insanlığımıza hörmətə deyil, hərbi gücə, ticarət üstünlüyünə və texnoloji hegemonluğa əsaslanır. Bu, son nəticədə, mənəvi kompassız bir baxışdır,” Agnès Callamard bildirib.


Etirazçılar, vətəndaş cəmiyyəti və beynəlxalq qurumlar müqavimət, mane olma və transformasiya səylərinə rəhbərlik edirlər
Çətinliklərdən qorxmayan dünya boyu milyonlarla insan ədalətsizliyə və avtoritar adətlərə müqavimət göstərir.
2025-ci ildə İndoneziya, Keniya, Madaqaskar, Mərakeş, Nepal və Peru daxil olmaqla ondan çox ölkəni Z nəslinin etirazları bürüdü və təxminən 300,000 insan LGBTI hüquqlarını müdafiə etmək üçün Macarıstanın Budapeşt Prayd qadağasını rədd etdilər. 2026-cı ilin əvvəli boyu Los-Ancelesdən Minneapolisə qədər nümayişçilər ABŞ-ın zorakı və yüksək dərəcədə hərbiləşdirilmiş immiqrasiya basqınlarına qarşı küçə-küçə, məhəllə-məhəllə təşkilatlanıblar.
İsrailin soyqırımına qarşı kütləvi nümayişlər keçən il bütün dünyaya yayıldı və 40-dan çox ölkədən olan humanitar yardım işçiləri fələstinlilərlə həmrəylik nümayiş etdirmək üçün flotiliyalar yola saldılar. Fransa, Yunanıstan, İtaliya, Mərakeş, İspaniya və İsveçdəki liman işçiləri silah daşıma marşrutlarını pozmağa çalışaraq İsrailə silah axınına qarşı qlobal fəallıq hərəkatına qoşuldular.. Fəallıq və hüquqi təzyiq həmçinin bir neçə dövlətin İsrailə silah ixracını məhdudlaşdırmasına və ya qadağan etməsinə səbəb oldu.
Bir çox hökumətlər beynəlxalq ədalətə qarşı hücumları qəbul etsə də, bir neçə dövlət və qurum çoxtərəfliliyə və hüququn aliliyinə dəstək olduqlarını nümayiş etdirərək bu tendensiyaya qarşı çıxdılar. Getdikcə daha çox sayda dövlət İsrailin soyqırımı törətdiyini etiraf etdi və bir neçə dövlət İsrailin beynəlxalq hüquq pozuntularına görə məsuliyyətə cəlb edilməsinə sadiq qalan kollektiv, Haaqa Qrupuna qoşuldu və Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) İsrailə qarşı qaldırdığı işə dəstək oldu.
Filippin keçmiş prezident Rodrigo Duterteni qətl kimi bəşəriyyət əleyhinə cinayət ittihamları ilə üzləşmək üçün BCM-ə təhvil verdi və məhkəmə gender əsaslı təqiblərə görə iki Taliban lideri barəsində həbs qətimkan tədbiri çıxardı. Avropa Şurası və Ukrayna, Ukraynaya qarşı Təcavüz Cinayəti üzrə Xüsusi Tribunal yaratmağa razılaşdılar və Mərkəzi Afrika Respublikasındakı hibrid məhkəmə altı keçmiş silahlı qruplaşma üzvünü müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlərə görə məhkum etdi.
Və bəşəriyyətin xətrinə tarix yazmağın vaxtı indidir
Amnesty International-ın Baş Katibi Agnès Callamard
BMT-nin İnsan Hüquqları Şurası Əfqanıstan üçün müstəqil istintaq mexanizmi, Şərqi KDR üzrə faktaraşdırıcı missiya və İstintaq Komissiyası təsis etdi və İran üzrə faktaraşdırıcı missiyasının mandatını genişləndirdi. Məcburi BMT vergi konvensiyası və Bəşəriyyət Əleyhinə Cinayətlər Konvensiyası istiqamətində əhəmiyyətli irəliləyişlər əldə edildi. BƏM və Amerikaarası İnsan Hüquqları Məhkəməsi isə dövlətlərin iqlim zərərinə cavab vermək üzrə insan hüquqları öhdəliklərini təsdiqləyən tarixi məsləhət rəyləri çıxardılar.
2026-cı ildə daha çox dövlət avtoritar təcrübələrə və qaydalara əsaslanan nizama qarşı hücumlara qarşı çıxış etməyə başlayıb, xüsusən İspaniya hökuməti prinsipial mövqe tutub, lakin bu cür çağırışlar qətiyyətli və davamlı hərəkətlərlə dəstəklənməlidir.
“Şəhər küçələrindən tutmuş çoxtərəfli forumlara qədər, 2025-ci il dünyanın hər yerindən etirazçılar, diplomatlar, siyasi liderlər və bir çox başqaları tərəfindən güclü müqavimət və həmrəylik nümayişləri gətirdi. Biz onların nümunəsinə və cəsarətinə əsaslanmalı və qlobal nizamı insan hüquqları, hüququn aliliyi və ümumbəşəri dəyərlər ətrafında yenidən təsəvvür etmək, yenidən qurmaq və mərkəzləşdirmək üçün cəsarətli koalisiyalar yaratmalıyıq,” Agnès Callamard deyib.
“Qoy 2026-cı il bizim öz iradəmizə nail olduğumuz və tarixin sadəcə bizim boynumuza qoyulan bir şey olmadığını, onun bizim tərəfimizdən yaradıldığını nümayiş etdirdiyimiz il olsun. Və bəşəriyyətin xətrinə tarix yazmağın vaxtı indidir.”



